04Media

AZSIĞORTA Naxçıvanda filial açıb

08/09/2023

AZSIĞORTA-nın Naxçıvanda rəsmi filialının açılışı baş tutub. Filialın açılış mərasimindən öncə şirkətin rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, daha sonra onun muzeyini ziyarət ediblər.

Müştəri məmnuniyyəti və rahatlığını daim diqqətdə saxlayan AZSIĞORTA-nın Naxçıvan filialının açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəisi Elçin Əliyev, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev və şirkətin əməkdaşları iştirak edib.

AZSIĞORTA şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev: "Naxçıvan şəhərində məskunlaşan müştərilərimizə daha yaxın olacağımız və peşəkar xidmətlərimizi təqdim edəcəyimiz üçün çox şadam. Biz son dövrlər Naxçıvanda baş verən inkişafın şahidi oluruq, bu gündən etibarən isə bu prosesin iştirakçısına çevrilirik. Regional ofislərin sayını artırmaq və əhaliyə daha keyfiyyətli xidmət göstərmək AZSIĞORTA-nın inkişaf strategiyasında qarşımıza qoyduğumuz mühüm hədəflərdən biridir. Əminəm ki, Naxçıvan filialımızın açılışı bu istiqamətdə önəmli rol oynayacaq".

Çıxışlardan sonra AZSIĞORTA-nın Direktorlar Şurasının sədri Viladi Maniyev və İdarə Heyətinin sədri Yusif Soltanov rəmzi qırmızı lenti kəsərək, filialı açıq elan etmişlər.

Qeyd edək ki, Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Filial ənənəvi olaraq, həftənin 5 günü saat 09:00-dan – 18:00-dək fəaliyyət göstərəcək.