Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yaradılan AZSIĞORTA şirkətinin operativ qərargahı Şəki rayonunda baş verən zəlzələ nəticəsində daxil olan müraciətlərin ekspertizasını bitirmişdir.
Ekspertizalar operativ qruplar tərəfindən keçirilmişdir. Hər qrup, AZSIĞORTA şirkətinin qəza eksperti, FHN-nin nümayəndəsi və müstəqil qiymətləndirmə şirkətinin mütəxəssisindən ibarət idi. Bu günə 70 müraciət daxil olub ki, onlardan 27 artıq sığorta hadisəsi statusunu alıb, 5 isə hələ ki baxılmaqdadır. Müraciətlərin qəbulu davam edir.
İlkin gözləntilərə baxmayaraq, zəlzələ ciddi fəsadlar törətməyib. Belə ki, sığortalılar tərəfindən iddia edilən orta zərər 3000 AZN təşkil edir.
Xatırladaq ki, 4 sentyabr tarixində Şəkidən 29 km. aralı güclü zəlzələ baş vermişdir – episentr ətrafında 7 bala qədər, Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə təkanlar hiss edilmişdir. Həmin gün AZSIĞORTA şirkəti FHN ilə birlikdə zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açmışdır.